
Müvafiq mətni oxuyun və ya dinləyin
İsanın doğulması əvvəlcədən bildirilir
1:26 Elizavetin hamiləliyinin altıncı ayında Allah mələk Cəbrayılı Qalileya bölgəsindəki Nazaret şəhərinə, 27 Məryəm adlı bakirə qızın yanına göndərdi. Bu qız Davudun nəslindən olan Yusifin nişanlısı idi. 28 Mələk onun yanına gəlib dedi: «Salam, ey Allahdan lütf almış qız! Rəbb səninlədir». 29 Xeyir-duanı eşidən Məryəm çaşıb qaldı və bu sözlərin nə demək olduğunu anlamağa çalışdı. 30 Mələk ona dedi: «Qorxma, Məryəm. Bil ki, sən Allahın lütfünə nail oldun. 31 Sən hamilə olub bir oğul doğacaqsan. Onun adını İsa qoyarsan. 32 O, böyük bir Şəxs olacaq və Haqq-Taalanın Oğlu çağırılacaq. Rəbb Allah Onu əcdadı Davudun taxtında oturdacaq. 33 O, Yaqub nəsli olan İsrail xalqına əbədi Padşah olacaq və Onun Padşahlığı heç vaxt başa çatmayacaq». 34 Məryəm mələkdən soruşdu: «Bu necə ola bilər? Axı mən hələ ərdə deyiləm?» 35 Mələk ona dedi: «Müqəddəs Ruh sənin üzərinə gələcək, Haqq-Taalanın qüdrəti sənin üstünə kölgə salacaq. Elə bu səbəbdən doğduğun övlad müqəddəs olub Allahın Oğlu adlanacaq. 36 Qohumun Elizavetə bax, qoca vaxtında hamilə qalıb. İndi hamiləliyinin altıncı ayındadır. Halbuki hamı onu sonsuz adlandırırdı. 37 Bil ki, Allah üçün mümkün olmayan şey yoxdur». 38 Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy sən necə deyirsən, mənimlə elə də olsun». Mələk onun yanından ayrılıb getdi.
İsanın doğulması
2:1 O günlərdə qeysər Avqust fərman verdi ki, Roma imperatorluğunun bütün əhalisini siyahıya alsınlar. 2 Bu, ilk siyahıyaalma idi və Kirini Suriyanın valisi olanda keçirildi. 3 Hər kəs siyahıya alınmaq üçün öz şəhərinə getdi.
4 Yusif də Qalileyanın Nazaret şəhərindən çıxdı. Yəhudeyaya, Davudun doğma şəhəri olan Bet-Lexemə yollandı. Çünki o, Davudun nəslindən idi. 5 O, nişanlısı Məryəmlə birlikdə oraya getdi ki, siyahıyaalınmada iştirak etsin. 6 Onlar Bet-Lexemdə olarkən Məryəmin doğuş vaxtı çatdı. 7 Məryəm ilk övladı olan Oğlunu dünyaya gətirdi. Körpəsini bələyib qaldıqları tövlədəki axura qoydu. Çünki qonaq evində onlara yer tapılmamışdı.
Mələklər çobanlara müjdə verirlər
8 Buna yaxın bir yerdə sürülərinə gözətçilik edən çobanlar qalırdılar. Onlar gecəni çöldə keçirirdilər. 9 Birdən Rəbbin bir mələyi onların qabağında zahir oldu və Rəbbin izzətinin nuru ətraflarını bürüdü. Çobanların canına vəlvələ düşdü. 10 Amma mələk onlara dedi: «Qorxmayın! Sizə bütün xalqı çox sevindirəcək bir müjdə gətirmişəm. 11 Bu gün Davudun şəhərində sizin Xilaskarınız doğuldu. Bu, Rəbb Məsihdir. 12 Mən sizə bir əlamət verirəm: axurda bələnmiş bir Körpə tapacaqsınız». 13 Bu anda mələyin yanında çoxsaylı mələk dəstəsi göründü. Onlar dedilər:
14 «Ən ucalarda Allaha izzət,
Yer üzündə Onun razı olduğu insanlara sülh olsun!»
15 Mələklər çobanlardan ayrılıb göyə çəkiləndən sonra həmin çobanlar bir-birlərinə dedilər: «Gəlin gedək Bet-Lexemə və baş vermiş hadisələri görək». 16 Onlar təcili oraya getdilər. Məryəmi, Yusifi və axurda yatan Körpəni axtarıb tapdılar. 17 Çobanlar Körpəni gördükdən sonra Onun haqqında mələklərin nəql etdiklərini dedilər. 18 Çobanlardan bu xəbəri eşidənlər çox təəccübləndilər. 19 Məryəm isə bütün bu olanlar haqqında dərindən düşünür və onları yadında saxlayaraq anlamağa çalışırdı. 20 Çobanlar bütün bu gördükləri və eşitdikləri üçün Allaha şükür edib geri döndülər. Söylənən hər şey mələyin dediyi kimi idi.
Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.
Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.
Get Discovery Bible Studies on your phone
Discover copyright ©2015-2026 discoverapp.org
Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.