
Müvafiq mətni oxuyun və ya dinləyin
İsa günahkar qadını bağışlayır
7:36 Fariseylərdən biri İsanı onunla birgə yeməyə dəvət etdi. O da fariseyin evinə getdi və süfrə arxasında oturdu. 37 Həmin şəhərdə günahkar bir qadın yaşayırdı. O, fariseyin evində İsanın qonaq olduğundan xəbər tutanda ağ mərmər bir qabda ətirli yağ gətirdi. 38 Qadın arxada, İsanın ayaqlarının yanında durub ağlayaraq göz yaşları ilə Onun ayaqlarını islatmağa başladı. O, İsanın ayaqlarını saçları ilə sildi, öpdü və onlara ətirli yağ çəkdi.
39 İsanı evinə dəvət etmiş farisey bunu görüb öz-özünə belə dedi: «Əgər bu adam peyğəmbər olsaydı, Ona toxunanın kim və nə cür qadın olduğunu bilərdi, çünki bu qadın günahkardır». 40 İsa ona xitab edib belə söylədi: «Şimon, Mənim sənə sözüm var». O da dedi: «Müəllim, buyur». 41 «Bir sələmçiyə iki nəfərin borcu var idi. Biri beş yüz, o birisi isə əlli dinar borclu idi. 42 Onların borcu ödəməyə imkanları yox idi. Ona görə də sələmçi hər ikisinin borcunu bağışladı. De görüm, bu adamlardan hansı onu daha çox sevəcək?» 43 Şimon cavab verdi: «Mən elə bilirəm ki, borcu çox olan». İsa ona dedi: «Düz deyirsən». 44 Sonra İsa qadına tərəf baxıb Şimona dedi: «Sən bu qadını görürsənmi? Mən sənin evinə gəldim, sən Mənim ayaqlarımı yumaq üçün Mənə su da vermədin. Bu qadınsa ayaqlarımı göz yaşları ilə isladıb saçları ilə sildi. 45 Sən Məni öpmədin, bu qadınsa Mən evə girəndən bəri ayaqlarımı hey öpür. 46 Sən başıma zeytun yağı çəkmədin. O isə ayaqlarıma ətirli yağ çəkdi. 47 Buna görə də sənə deyirəm: bu qadının çox olan günahları bağışlandı. Böyük məhəbbət göstərməsi də bu səbəbdəndir. Kimə az bağışlanıbsa, az sevər».
48 Sonra İsa qadına dedi: «Sənin günahların bağışlandı». 49 Onda İsa ilə birgə süfrədə oturanlar öz aralarında danışmağa başladılar: «Bu adam kimdir ki, günahları da bağışlayır?» 50 Amma İsa qadına dedi: «İmanın səni xilas etdi. Arxayın get».
Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.
Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.
Get Discovery Bible Studies on your phone
Discover copyright ©2015-2026 discoverapp.org
Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.