
Müvafiq mətni oxuyun və ya dinləyin
Məhsul çox, işçilər az
9:35 İsa bütün kəndləri və qəsəbələri gəzib-dolaşırdı. O, xalqa ibadətxanalarda vəz edir, Səmavi Padşahlıq haqqında Xoş Xəbəri yayırdı. Adamları hər cür xəstəlikdən və naxoşluqdan qurtarırdı. 36 İsa adamların izdihamını görəndə ürəyi sızıldadı. Çünki onlar çobansız qoyunlar kimi taqətsiz və baxımsız idilər. 37 Onda İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə az. 38 Məhsulun sahibi Rəbdir, buna görə də Ona yalvarın ki, məhsulunu yığmağa işçilər göndərsin».
İsa On İki şagirdə iş tapşırır
10:1 İsa On İki şagirdini yanına çağırıb onlara cinləri qovmaq səlahiyyəti verdi. Həmçinin onlara qüvvə də verdi ki, hər cür şikəstlərə və xəstələrə şəfa versinlər. 2 On İki şagirdin adları belədir: Peter adlanan Şimon, Peterin qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya, 3 Filip və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday, 4 Millətçi Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot. 5 İsa On İki şagirdini adamların arasına göndərəndə onlara tapşırdı: «Başqa millətlərin arasına getməyin və Samariyalıların şəhərlərinə ayaq basmayın. 6 Hər şeydən qabaq itmiş qoyunlara bənzəyən İsrail xalqının yanına gedin. 7 Hara ayaq bassanız, “Səmavi Padşahlıq yaxınlaşır” deyə bəyan edin. 8 Xəstələrə şəfa verin. Ölüləri dirildin. Cüzam xəstəliyinə düçar olanları pak edin. Cinləri qovun. Bu qüvvəni sizə havayı verirəm, siz də onun vasitəsilə insanlara havayı kömək edin. 9 Özünüzlə qızıl-gümüş və pul götürməyin. 10 Yola çıxarkən ərzaq torbası, əlavə köynək, çarıq, əsa götürməyin. Çünki işçi öz ruzisinə layiqdir. 11 Bir şəhərə və ya kəndə girərkən orada ləyaqətli sayılan bir adamın evinə gedin. Oranı tərk edənə qədər o adamın evində qalın. 12 Evə girən zaman hər kəsi salamlayın. 13 Əgər o evdə sizi xoş qarşılasalar, xeyir-duanız o evdə qalacaq. Yox, əgər xoş qarşılamasalar, onda xeyir-duanız özünüzə qayıdacaq. 14 Əgər sizi qəbul etməsələr, yaxud sözlərinizi eşitmək istəməsələr, onları özünüzə yad sayın: o evdən, ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın. 15 Bilin ki, Qiyamət günü o şəhərin əhalisinin halı Sodom və Homorra əhalisinin halından betər olacaq.
16 Mən sizi qurdlar arasına quzular kimi göndərirəm. Odur ki, ilan kimi tədbirli, göyərçin kimi saf olun.
Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.
Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.
Get Discovery Bible Studies on your phone
Discover copyright ©2015-2026 discoverapp.org
Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.